9 aprel Şəki şəhərində müqəddəs Ramazan bayramı ərəfəsində Şəhər İcra Hakimiyyəti və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA-nın birgə təşkilatçılığı ilə Şəhid ailələri üçün iftar süfrəsi açılıb.
İftar süfrəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən, Marsol Region üzvü olan sahibkarlar və Şəhid ailələri iştirak ediblər.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlanıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun qazandığı böyük Zəfərdən söz açıb. Artıq dörd ildir ki, Azərbaycan xalqının müqəddəs Ramazan bayramını qalib xalq olaraq qeyd etdiyini diqqətə çatdıran Elxan Usubov, Şəhid ailələrinin, qazilərin, həssas təbəqədən olan digər insanların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayıb. Elxan Usubov bütün xalqımızı, eləcə də şəhid ailələrini, qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik edib.
İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev də öz çıxışında İcra Hakimiyyətinə və iftar süfrəsinin təşkilində göstərdikləri dəstəyə görə region sahibkarlarına təşəkkürünü bildirib, xalqımızı və mərasim iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, tutulan orucların, edilən niyyət və duaların qəbul olunmasını diləyib.
Tədbirdə digər çıxış edən Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov, şəhid anası, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB-nın Şəki şöbəsinin sədri Gülnarə Mustafayeva və Şəhid ailələrinin nümayəndələri Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd edib, Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi üçün çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, iftar süfrəsinin təşkilatçılarına öz təşəkkürlərini çatdırıblar.